Hər iş yeri bir-birindən fərqlidir.Amma çətin insan tipləri bütün iş yerlərində eynidir. Bunları sizə təqdim edirik:

1. Lokomotivlər: Bu insanlar öz bədbəxtliklərini başqalarından çıxarmağa alışıblar. Adətən, əsəbi olurlar və insanlarla düşməncə davranırlar. Avtoritar mövqeyə malik olan bu insanlar digər insanlarla daim diktator kimi davranırlar. Ən sevdikləri cümlə: ”ya mənim dediyim kimi olacaq, ya da heç olmayacaq.”

Davranış forması: Qəbul etməyin. Müdirinizə bu cür davranış formasının işinizi mənfi dəyişikliyə sövq edəcəyini deyin. Lokomotiflərə qarşı israrçı olun. 

2. Mükəmməliyyətçilər: Əgər bir şey mükəmməl deyilsə, bu insanlar əsəbiləşir, neqativ təpkilər göstərirlər. Onların standartları real deyil. Başqalarının təriflədiyi bir iş bu insanlar tərəfindən qəbul edilən belə sayılmır. Onlar tez-tez “daha yaxşı ola bilərdi” cümləsini işlədirlər. 

Davranış forması: Bu cür insanların söylədiklərini ciddi qəbul etməyin. Onlar, əslində, öz bacarıqsızlıqlarına heyfislənirlər. Onlarla birlikdə işləməyə çalışın ki, öz qarşılarına daha realist tələblər qoya bilsinlər.

3. Dirənişçilər: İş yerində ən cüzi bir dəyişiklik bu insanların canını sıxır. Çox rasional insanlardır. Mövcud sistemə aşiqdirlər. Əsla nəyinsə dəyişməsini istəməzlər. Lakin bir dəyişiklik qarşısında səslərini belə çıxarmazlar. Səssizcə dava salarlar. Dəyişikliyin yaxşı olduğunu deyər, dəstəkləyər, lakin heç vaxt tabe olmazlar. Köhnə olan onlar üçün həmişə ən yaxşı olandır.

Davranış forması: Ən yaxşı strategiya bu tipləri də dəyişikliyin içinə daxil etməkdir. Bəlkə, bu zaman onlar öz davranışlarını dəyişərlər. Həm də onları dəyişikliyə pillə-pillə daxil etsəniz, onların yeni ortama alışması daha tez və asan olar.

4. Mənim işim deyil-çilər: Bu tiplər öz bacarıqsızlıqlarını öz işlərinin tərkibinə daxil olmayan işləri (çox asan olduğu halda belə) görməyərək göstərərlər. Özlərini təhlükədə hiss etdikləri üçün daim bikef olurlar və iş yoldaşlarına qarşı çox etinasız yanaşırlar.

Davranış forması: Əslində tək istəkləri özlərini təkmilləşdirmək və daha yaxşı yerlərə gəlməkdir. Lakin karyeralarının açıq olmadığını düşünərək işlərinə qarşı həyəcanlarını itiriblər və bu səbəblə də olduqca az iş görərlər. Onlara təhsil və inkişaf üçün müxtəlif fürsətlər yaradın.

5. Ayaqlı qəzetlər: Bu tiplər öz bədbəxtliklərini ətrafa dedi-qodular yayaraq göstərirlər. Yayılmasına yardımçı olduqları və yaratdıqları hekayələr ətrafda dolaşmağa başlayıb, insanlardan güclü təpkilər aldıqlarında özlərini önəmli hiss edərlər. Çevrələrində idarəetməni itirdiklərini düşündükləri an yaydıqları şayiələrlə diqqəti geri qazandıqlarına inanarlar. Müdirləri, yeni iş və təkliflər, başqalarının maaşları, digər şirkətlərin işçiləri və s. bu insanların ən məşhur mövzularıdır.

Davranış forması: Ən yaxşı metod işçilərə şirkətlə bağlı həqiqi məlumatları paylamaqdır. Beləliklə, onlar ayaqlı qəzetlərə rəğbət bəsləməzlər.

6. Pessimistlər: Onlar dünyanı zövqsüz bir yer olaraq görürlər. Dünyanın başlarına yıxılmasını gözləyirlər. Əgər yıxılmazsa, yıxmaq üçün əllərindən gələni edərlər. Daim narahatdırlar, nə etsəniz onların həyata baxış tərzini dəyişə bilməzsiniz.

Davranış forması: Bu insanların baxış tərzini dəyişmək bir o qədər də asan deyil. Ancaq bəzi özünüzə məxsus yollarla onların alışqanlıqlarını müsbət səmtə yönəldə bilərsiz.

7. Mızmızlar: Bu tiplər uşaq kimi davranırlar. İşlər onların istədiyi kimi getməsə, qaşlarını çatarlar, geri çəkilərlər, çox vaxt da ağlayarlar. 

Davranış forması: Bu tiplər dəstək görəcəyi bir çevrəyə ehtiyac duyurlar. Kimsə onlara tez-tez yaxşı iş gördüklərini söyləməlidir.

8. Qeyri-ciddilər: Bu tiplər işə heç zaman ciddi yanaşmırlar, kollektivdəki iş yoldaşlarının da işini əngəlləyirlər. Onlar öz şəxsi işlərinə daha çox vaxt ayırırlar, nəinki işə. Onlar üçün heç bir iş təcili sayılmaz, bütün işlər gözləyə bilər.

Davranış forması: Ciddiyyətsizlər üçün açıq hədəflər, standartlar müəyyənləşdirmək lazımdır. Həm də onları tez-tez işlərini görüb-görmədiyinə dair müşahidə etmək lazımdır.

9. Tənqidçilər: Yaradıcı bir fikrinizmi var? İşləri fərqli şəkillərdə görürsünüz və ya işlə bağlı yeni təklifinizmi var? Tənqidçilər o dəqiqə tənqid edəcək bir şey tapacaq. Onların missiyası-söylənilən yeni bir şeyə müxalif olmaqdır. Nə olursa olsun, öz dediklərinin doğru olduğuna inanarlar. Hara gedirlərsə getsinlər, özlərinə problem edəcək bir şey taparlar. Sizdəki pozitiv dəyişiklikləri heç vaxt görməzlər, ancaq xətalarınızı o dəqiqə görürlər. Ən çox işlətdikləri cümlə budur: ”çox pis bir fikirdir.”

Davranış forması: Onlara qarşı israrçı olun. Onlara daim tənqidlərinin səbəbini soruşun. Onların həyəcanlarının yersiz olduğunu deyin.

10. Fədakarlar: Onlar bir ofisin qanayan yarasıdır. Tez gəlirlər, gec gedirlər. İstədiyiniz hər işi görürlər. Ancaq bunu etdikləri üçün özlərinə də əsəbiləşirlər. İşlərində uğursuz olmalarının səbəbi isə bu çabalarının kifayət qədər təqdirəlayiq olmadığını düşünmələridir. Bu cümlə tam onları əks etdirir: – “Bu işə bütün bütün ömrümü verdim, lakin heç kəsin vecinə deyiləm.”

Davranış forması: Fədakarlara, davamlı olaraq, pozitiv sözlər və etdiyi işləri nə qədər təqdir etdiyinizi söyləməlisiniz. Xüsusən də, onlara digər işçilərin yanında xoş sözlər söyləmək lazımdır ki, öz eqolarına daha çox dəyər versinlər.

11. Özünü günahlandıranlar: Adətən, özlərinə hirslənərlər. Həyatı hər zaman öz performanslarında, karyera seyrində, sosio-ekonomik stadyalarda, təhsildə və s. görürlər. Kağız üzərində, əslində, çox istedadlıdırlar. Lakin onlar bunu belə görməzlər.

Davranış forması: Bu insanların yenidən özünəinam qazanmaları üçün hər hansısa bir strategiya tapmalısınız. Eqolarını hərəkətə gətirəcək bir səbəbə ehtiyacları vardır. Həqiqətdə necə yaxşı iş gördüklərini göstərən dəlillər tapmalı və bunu onlara göstərməlisiniz.

12. Günahkar axtaranlar: Heç bir zaman məsuliyyət hissi duymadıqlarından və ya öz səhvlərini qəbul edə bilmədiklərindən dolayı, günahı həmişə başqalarına yükləyərlər.

Davranış forması: Bu tiplərə xəta və səhv hesablamalarını dəqiq örnəklərlə açıqladığınızda bu davranışlarından vaz keçərlər. Onlarla mütləq danışmayın, dəqiq bir şəkildə onlarla danışdıqda onlar artıq günahkar axtarmayacaqlar, öz səhvlərini qəbul edəcəklər.

13. Tez inciyənlər: Çox həssas insanlardır, düzgün ifadə edilməmiş bir cümlə onları o dəqiqə küsdürə bilər.

Davranış forması: Bu insanlara önəmli şey söylədiyinizdə qısa və birbaşa hədəfə yönəlik olmamasına diqqət edin. Yavaş-yavaş mövzuya girin,sizi tam anladığına əmin olun.

14. Detalçılar: İş yerində detalçılara çox rast gələrsiniz. Mükəmməl bir iş görmüsünüzsə, hər kəs məmnun qalmışdır, amma o bir səhv mütləq tapar. Hər fikrin altında məntiq axtarar,detallara varmaqdan xoşlanar, olduqca seçici və neqativ biri olaraq tanınar.

Davranış forması: Onlardan hansısa bir proyekti tam olaraq dəyərləndirməsini istəyin. Bu onların detallardan uzaqlaşıb, şəklin tamamına baxa bilməsinə kömək edəcəkdir. 

Tərcümə: Əkbərova Aygül.

 

 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər