Rəqəmsal İnsan

Ətrafımızdakı hər şey bir-birinə o qədər qarışıb ki, yazacağım mövzu aydın olsa da haradan başlamalı olduğuma çətin qərar verdim. Fikirlər uçur sözlər isə piyada gedir. İlk paradoks burada yaranır. Texnologiya nə qədər həyatımızın bir hissəsinə çevrilsə də, işlərimizin çox hissəsini görsə də nə fikir sürətinə çatan sürətli bir cihaz, nə də göz pikselinə çata biləcək bir fotoaparat mövcud deyil hələ ki...

İlk baxışdan fikirlərin beynimizdə belə sürətli hərəkəti bizə normal görünür, çünki hamıda bu baş verir. Bir dəqiqə ərzində sevinib, həyəcanlanıb, üzülə bilərik. Əsasən təkrar olunan bu fikirlər dünənkindən yalnız 5% fərqlənir yəni, 95% eyni fikirlərlə beynimizi məşğul edirik. Beynimizə kök salan mənfi fikirlər hər gün beynimizi işğal etməkdə davam edir. Ancaq çoxumuz üçün bu kimi şeylər heç maraqlı deyil. Gündəlik ətrafımızdakılar üçün daş üçün cansız əşyalar üçün xeyli vaxt və enerji sərf edirik. Lakin sıra özümüzə gələndə özümüzlə tək qalmağa özümüzlə üzləşməşməyə nə cürətimiz var, nə də həvəsimiz. Biz insan olaraq təbiətin ən ali varlıqları olduğumuz üçün yeyib, yatıb, durub, işləyib ölməklə missiyamız yekunlaşmır.

Əsas hədəf bizi ali edən səbəb olan şüur və nitqimizi necə səmərəli istifadə etməkdir. Biz isə əlimizdəki cihazlar sayəsində hər gün keçdikcə daha az düşünür, daha az danışırıq. Hər şeyin ən yaxşısını arzu edirik. Əldə etdikcə isə daha da eqoistləşirik. Digər tərəfdən də ancaq arzulamaqla kifayətlənirik bir iş görmürük. Mənasız təlaş və stresslə günümüzü bitirərkən belə həmin günün yorğunluğunu çıxarmaq əvəzinə səhər nə qədər yatacağımız dəqiqə və saatları hesablayırıq. Bunları düşünmək yerinə artıq istirahətimizə başlamış olardıq halbuki. Sabah hələ gəlib-gəlməməyi məlum deyil. Vacib olan bu gün və indidir.

Bizə indi nə lazımdır? Mən nə edirəm? və Mən nə istəyirəm? tipli sualları verərək durumumuzu dəyərləndirə bilərik. Çoxdan tərk etdiyimiz özümüzə yaxınlaşa bilərik. Sevgilimizə, dostlarımıza, rəislərimizə yaxınlaşmanın min cürə texnikasını öyrənməyə maraqlıyıq. Bu gün dunyanın istənilən nöqtəsindəki insanlarla əlaqə qurmağımız, onlara yaxınlaşmağımız an məsələsidir. Özümüz yaddan çıxmışıq təəssüf ki.

Çoxlarımız özümüzlə qarşılaşmaqdan çəkinirik. Olub bitənləri, hal-hazırda baş verənləri və gələcəkdə baş verənlərə nəzər salmaq bizim üçün vaxt itkisidir. Axınla üzüb gedirik və gün keçdikcə sıradanlaşırıq. Əlimizdə olan cihazlarda bu işdə yaxından kömək edir. Sıxılanda film izləyir-ağlayır, özgüvənimizi oyunlarda qələbələr qazanmağa sərf edirik. Özümüzü dəyərləndirmədən başqalarının bizi necə dəyərləndirməsi ilə maraqlanırıq. Bizi biz edən xüsusiyyətlərimizdir. Və özümüzə yardım edəcək tək şəxs də yenə özümüzük. Ən sürətli maşınlarımız var, səyahət arealımız işlə ev arasındadır. Texnologiya bizə görüntülü ünsiyyət imkanı verir bizə  amma sevdiklərimiz onlar bizi axtarana qədər yada düşmür. Bizi biz edən xəyallarımıza sevdiklərimizə fərdi keyfiyyətlərimizə əskikliklərimizə sahib çıxaq. Özümüzü sıradanlaşdırmaqdan qoruyaq. Cihazlara deyil, sevdiklərimizə sarılaq.

Yazdı: Murad Akifsoy

Mənbə: https://muradakifsoy.blogspot.com/

loading...
Paylaş:

Etiketlər:psixologiya,köşə

Fikirlər