Özünütənqid

Gündəlik həyatımızda bizim çox eşitdiyimiz ifadələrdən biri də tənqiddir. Nədir tənqid? Ümumiyyətlə biz niyə tənqid edirik?
Tənqid - lüğət mənasında hər hansı bir insan, əsər, mövzunun mənfi və müsbət tərəflərini tapıb müzakirə etmə işidir. Tənqidin əxlaqi cəhətdən dəyərləndirilməsi - kimə, nə vaxt, hansı məqsədlə edilməsinə görə iki yerə ayırmaq olar:
a) müsbət tənqid (faydalı olan)
b) mənfi (zərər verən)
Səhvlərdən heç birimiz sığortalanmamışıq təbii ki. Bunları düzəltmək üçün isə davranışlarımızı təhlil və tənqid etmək ən uyğun variantlardandır. Tənqidin bu baxımdanda  iki yerə ayırmaq olar: ətrafdakıların tənqidi (xarici tənqid) və özünütənqid (daxili tənqid)
Mənfi tənqidlərdə empatiya çatışmazlığı var. Qarşıdakı insanın daxili vəziyyəti nəzərə alınmır. Empatiya daha dərin olan insanlar adətən mənfi tənqiddən uzaq olur. Mənfiliklərə fokuslanan və özgüvəni zəif olan insanlar digərlərinin mənfilərini axtarıb tapmaqda maraqlıdır.Söylədiklərimizlə qarşı tərəfə hər hansı mesaj verməklə kifayətlənməyib, həmin şəxsin qısa və uzun müddətli davranışlarına təsir etdiyimizi də diqqətdə saxlamalıyıq. Əks halda qarşı tərəfə zərər verə bilərik. Bu da insanları bizdən uzaqlaşdırmağa səbəb ola bilər.
Yuxarıda qeyd etdiklərimiz demək olar ki vaxtaşırı hamı bizə xatırladır. Əsas məsələ haqsız yerə tənqid etməkdən qaçmaq üçün ilk öncə özümüzü dəyərləndirməliyik. Necə ki insanlara edilən mənfi tənqidlər onları bizdən uzaqlaşdırır, içimizdə özümüzə edilməyən tənqid də bizi özümüzdən uzaqlaşdırır. Çoxlarımız bu haqda heç düşünmür də. Ancaq kimisə asıb-kəsmək üçün 7/24 hazırıq.
Özünütənqid insanın öz - özünə refleksiv münasibətidir. Yəni öz səhvlərini sərbəst şəkildə axtarmaq, davranış və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Həddindən artıq özünütənqid özgüvən probleminə səbəb ola bilər. Belə özünü tənqid edən şəxlər adətən proses və situasiyaları olduğundan pis qiymətləndirir. Lakin bu özümüzü tənqid etməkdən qorumalıyıq anlamına gəlmir. Tam əksinə, lazımi qədər tənqid səhvlərimizi görmək və nəticə çıxarmaq, hadisələrə baxış tərzimizi doğru yöndə dəyişməyimizə yardımçı olacaq.
Kimisə tənqid etməzdən əvvəl özümüzü onun yerinə qoyaq tənqid edəcəyimiz insana onun içindən baxmağa çalışaq. Eləcə də özümüzü tənqid edərkən özümüzə obyektiv yanaşaq, özümüzü qıraqdan görməyə çalışaq. Belə həm özümüzə həm çevrəmizə daha xeyirli olarıq. Ancaq bunu özgüvənimizi sarsacq həddə çatdırmamaq şərtilə etməliyik.
Özünə qarşı tənqidi yanaşan şəxsiyyət ətrafdakılarda qüsur axtarmaqda maraqlı olmaz. Özündə tapdığı qüsurlardan çıxardığı heç kim qüsursuz deyil dərsi insanı ətrafı tənqidən çəkindirər. Tənqid və mübahisə heç nəyi həll etmir, bunlar bizi bizdən uzaqlaşdıracaq bəhanələrdir. Özümüzə və ətrafımıza sahib çıxmağımız diləyi ilə...
Yazdı: Murad Akifsoy

loading...
Paylaş:

Etiketlər:psixologiya

Fikirlər