XƏYALLARI QORUMAĞIN YOLU

Xəyalın varsa onu qoru. Mənim çox sevdiyim bir film var. Baş rolda Vill Smitin çəkildiyi, real hadisələr əsasında çəkilmiş “Xoşbəxtlik axtarışında” filmi. Orada baş qəhrəmanın oğluna xitabən söylədiyi sözləri burada paylaşacağam. O deyir: “Sənə “heç nə bacarmırsan” deyən heç bir kəsə qulaq asma. Hətta mənə belə. Əgər arzun, xəyalın varsa onu qoru. Həyatda heç nə bacarmayan insanlar sənin də bacarmayacağını deyəcəklər. Hədəfi təyin etdin. Buna nail ol və nöqtə...”. Hər bir insanın qəlbində hiss etdiyi, beynində tutduğu bir xəyalı var. Qəlbinə rahatlıq verməyən, çox istədiyin bu xəyal bəzən reallığa çevrilə bilər.

Qurduğun xəyalların üzərində işləməyə başlayaraq yaşadığın həyatda nəyisə dəyişmək çox çətindir. Siz dəfələrlə məyus olacaqsınız, çoxlu uğursuzluqlar, ağrılı anlar olacaq. Elə anlar olacaq ki, siz özünüzdən şübhələnəcəksiniz. Deyəcəksiniz ki, İlahi niyə bunlar məhz mənim başıma gəlir? Axı mənim günahım nədir? Axı mən neyləmişəm? Mən sadəcə insan kimi yaşamaq, ailəmin, övladlarımın qayğısına qalmaq istəyirəm. Heç kimə pislik etmirəm. Heç kimə zərər vurmuram. Bütün bu tip düşüncələr məhz çətin anlarda gəlməyə başlayır. Məhz çətin anlarda insan üçün özünü inkişaf etdirə biləcək şərait yaranır. Qarşında rahat anlarında olmayan əlavə səddlər yaranır. Ya sən bu səddləri dəf edərək inkişaf edəcəksən, xəyallarını gerçəkləşdirəcəksən, ya da ki, qorxaqlar kimi həyatına təslim olub öz dünyanı xarabalığa çevirəcəksən. İstənilən halda çətinliklərlə, problemlərlə qarşılaşanlar öz xəyallarına xəyanət etməsinlər, onları bağlı qapılar arxasına salıb özlərinə qapanmasınlar. Hər şeyi, hər kəsi öz çətinliklərində günahkar bilib ruhiyyədən düşməsinlər. Hədəfdən yayınmasınlar. Çətin anlar gələ bilər. Amma onlar sizinlə həmişəlik qalmaq üçün gəlmirlər.

Əgər insana elə gəlirsə ki, hər şey başayaq gedir, o zaman onun həyatına nə isə möcüzəli bir şey daxil olmağa cəhd göstərir. Çətinliklər ya sizin içinizdə olan qaşıntının üzə çıxması üçün, ya özünüzün səhlənkarlığınız ucbatından gəlir. İstənilən halda unutmamaq lazımdır ki, fiziki iş bədəni möhkəmləndirdiyi kimi, həyat çətinlikləri də insanın ağlını və ruhunu möhkəmləndirir. Bəzən hətta sizin daha böyük hədəflərə çatmağınıza, daha böyük mükafat almağıza təkan verir.

Bizim böyük, dahi,məşhur gördüyümüz insanlar (kiçik istisnalarla) seçilmişlər deyil. Onlar da bizim kimidir. Onları bizim gözlərimizdə böyük göstərən səbəblər bizim özümüzü kiçiltməyimizin nəticəsidir. Çoxları öz həyatından şikayət edir, etdiklərinə və ya etmədiklərinə görə bəhanələr gətirir, gətirdiyi bəhanələrə həqiqət donu geyindirir. Amma əslində onlar özlərini aldadırlar. Onlar öz xəyallarına, hədəflərinə çatmaq uğrunda işləmirlər. Axı niyə? Öz xəyallarımız üçün işləmədiyimiz halda nədən şikayət edirik? Kimi və nəyə görə günahkar çıxarırıq? Allah insanın istənilən işində uğura çatmaq üçün bu dünyada hər bir yerdə nişanələr, gedilə biləcək mümkün istiqamətlər, həll yolları qoyub. Sadəcə bizlər gözümüzü, qəlbimizin gözünü bağladığımız üçün bu işarələri görmürük.

Xəyalını qoruyaraq öz hədəflərini təyin edən kəslər hər bir yerdə buna çatmaq üçün vasitələr, həmin o işarələri axtarırlar. Çünki onlar iddialıdırlar. Mütləq hədəflərinə çatacaqlarına inanırlar. Əlbəttə ki, belə olan təqdirdə onlar mütləq və mütləq məqsədlərinə nail olacaqlar. Riçard Brensonun maraqlı bir kitabı var. Sadəcə başlığı kifayət edir. “Cəhənnəm olsun hər şey! Alın və edin!”. Bəli. Sadəcə et. Əgər etdiyin uğurlu alınacaqsa, sən böyük rahatlıq hiss edəcəksən. Əgər alınmayacaqsa, böyük təcrübə qazanacaqsan. İstənilən halda sən qalibsən

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər